Rusiya və Ukrayna qarşılıqlı zərəbələr endiriblər | VİDEO

Rusiya və Ukrayna qarşılıqlı zərəbələr endiriblər    | VİDEO
  31 Dekabr 2025    Oxunub:797
Ukrayna Silahlı qüvvələri Rusiyada neft emalı zavoduna, Rusiya Ordusu isə Ukraynanın Odessa şəhərində infrastruktur obyektlərinə və binalara zərbə endirib.
AzVision.az Rusiyanın Krasnodar diyarının operativ qərargahına istinadən xəbər verir ki, Tuapse neft emalı zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qalması nəticəsində ərazidə yanğın yaşanıb, iki nəfər xəsarət alıb.

Zərbə nəticəsində zavodun avadanlıqları, limandakı bir körpü və beş yaşayış evi zədələnib. Bundan əlavə, dörd çoxmənzilli binada və bir fərdi yaşayış evində pəncərələr sınıb. Neft emalı zavodunda baş verən yanğın 300 kvadratmetr ərazini əhatə edib.

Tuapse Rusiyanın neft məhsullarının ixracı üçün əsas Qara dəniz limanlarından biridir. Burada “Rosneft” şirkətinə məxsus, sutkada təxminən 240 min barel neft emalı gücünə malik ixracyönümlü neft emalı zavodu fəaliyyət göstərir və neft, mazut və dizel yanacağı kimi məhsullar tədarük edir.

Ukraynanın Odessa şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak isə, Rusiya Ordusunun dekabrın 31-nə keçən gecə infrastruktur obyektləri və yaşayış evlərinə zərbələri nəticəsində 3-ü uşaq olmaqla, beş nəfərin xəsarət aldığını bildirib.

Xəsarət alanlar arasında vəziyyəti ağır olan 42 yaşlı kişi, orta ağır vəziyyətdə olan 7 aylıq körpə, 14 yaşlı yeniyetmə və 8 yaşlı qız uşağı var.

Şəhərin bir hissəsində hazırda elektrik enerjisinin verilişi yoxdur. Ayrı-ayrı kritik infrastruktur obyektlərində bərpa işləri davam etdirildiyindən sakinlərin bir qismi müvəqqəti olaraq su və istilik təchizatından da məhrum olub.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   zərbələr  



Xəbər lenti